Ərazi bütövlüyünə və suverenliyə dəstək, hibrid təhdidlərə qarşı birgə mübarizə

Əsas Manşet MÜSAHİBƏ
Spread the love

Azərbaycan və Ukrayna prezidentləri Kiyevdə keçirilən danışıqların ardınca mətbuata birgə bəyanatlarla çıxış ediblər. Ukrayna prezidenti Volodimir Zelenski bəyan edib ki, Azərbaycan ilə Ukrayna arasında güclü strateji tərəfdaşlıq qurulub.

V.Zelenski qeyd edib ki, Azərbaycan prezidentinin işgüzar səfəri zamanı bu gün Kiyevdə bir sıra sənədlər, o cümlədən prezidentlərin Birgə Bəyannaməsi imzalanıb. Onun sözlərinə görə, bu sənəd “bizim baxışlarımızın oxşarlığını” simvolizə edir.

Ukrayna prezidentinin sözlərinə görə, pandemiyaya baxmayaraq, iki ölkə arasında ticarət dövriyyəsi rekord həddə çatıb: “Lakin biz daha iddialı hədəflər qoyuruq, bu, ticarət dövriyyəsinin daha da böyüməsi, qarşılıqlı investisiyaların artması və irimiqyaslı layihələrin həyata keçirilməsidir”.

Zelenski həmçinin ölkələr arasında tranzit potensialının, o cümlədən avtomobil və dəmir yolu daşımalarının artırılmasının mümkünlüyünü qeyd edib. O vurğulayıb ki, bu gün Ukrayna və Azərbaycan prezidentləri arasında imzalanan bəyannamə ölkələrin bir-birinin suverenliyinə, ərazi bütövlüyünə və hibrid təhdidlərə qarşı mübarizəsinə dəstək göstərilməsinə hazır olduqlarını möhkəmləndirir.

“Biz Ukrayna və Azərbaycan prezidentləri arasında birgə Bəyannamə imzaladıq. Biz dövlətlərimizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüklərinə, hibrid təhdidlərə qarşı birgə mübarizəsinə dəstəyə hazır olduğumuzu möhkəmləndiririk, Qara dəniz və Xəzər dənizi regionunda, onun hüdudlarından kənarda sülh və stabilliyin təmin edilməsinə dəstəyimizi ifadə edirik”, – Zelenski bildirib.

Azərbaycan prezidenti isə bildirib ki, bu gün imzalanan sənədlər ölkələrimizin yaxınlaşmasına yalnız töhfə verəcək. Dövlət başçısı Azərbaycan ilə Ukrayna arasında əməkdaşlığın inkişafı üçün çoxlu imkanların olduğunu qeyd edib.

Prezident İlham Əliyev Ukrayna ilə Azərbaycanın hər zaman bir-birini dəstəklədiyini və bu gün sənədlərin imzalanmasının bu dəstəyin daha bir sübutu olduğunu vurğulayıb. “Biz bütün istiqamətlər üzrə işləməyə hazırıq”, – dövlət başçısı əlavə edib.

Prezident İlham Əliyev Ukrayna prezidenti Volodimir Zelenskini Azərbaycana səfərə dəvət edib. “Fürsətdən istifadə edərək sizi Bakıya səfərə dəvət edirəm”, – Azərbaycan lideri bildirib.

16:18 

Kiyevdə iki ölkənin prezidentləri İlham Əliyev və Volodimir Zelenskinin iştirakı ilə geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan-Ukrayna sənədlərinin imzalanması mərasimi olub.

Bu barədə Azərbaycan prezidentinin

Mətbuat Xidməti məlumat yayıb.

Sənədlərin imzalanması mərasimindən sonra İlham Əliyev və Volodimir Zelenski mətbuata bəyanatlarla çıxış ediblər. Əvvəlcə Azərbaycan prezidenti İlham Əliyev bəyanatla çıxış edib.

***

15:38 

Yanvarın 14-də Ukraynada işgüzar səfərdə olan prezident İlham Əliyevin və Ukrayna prezidenti Volodimir Zelenskinin geniş tərkibdə görüşü keçirilir.

Bu barədə Azərbaycan prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

***

13.42

Prezident Volodimir Zelenskinin dəvəti ilə Ukraynada işgüzar səfərdə olan Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Ukrayna prezidenti ilə təkbətək görüşü başlayıb. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Görüşün başa çatmasından sonra iki ölkə arasında bir sıra sənədlərin imzalanması gözlənilir.

 

***

Yanvarın 14-də prezident İlham Əliyev Ukrayna prezidenti Vladimir Zelenskinin dəvəti ilə Ukraynaya işgüzar səfərə gedib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Kiyevin Borispol Beynəlxalq Hava Limanında Azərbaycan prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Dövlət başçısını Ukrayna xarici işlər nazirinin birinci müavini Emine Caparova və digər rəsmi şəxslər qarşılayıblar.